Elmi kitabxana

Elmi kadrların hazırlanmasında əvəzsiz rol oynayan Naxçıvan Dövlət Universiteti Elmi Kitabxanası 1968-ci il aprel ayının 23-dən rəsmi fəaliyyətə başlamışdır. Kitabxana Əli Əliyev, Yavuz Axundov, Kərim Həsənov və digər görkəmli ziyalıların təşəbbüsü və yaxından köməkliyi ilə təşkil olunmuşdur. İctimai əsaslar üzrə kitabxanaya rəhbərlik o zaman tədris işləri üzrə direktor müavini işləyən professor Yavuz Axundova tapşırılmışdır. Kitabxana indiki “Baytarlıq təbabəti” korpusu binasının birinci mərtəbəsində fəaliyyətə başlamışdır. Kitabxana fondu Bakı Dövlət Universitetinin kitabxanası, AMEA-nın Mərkəzi Elmi Kitabxanası, M.F.Axundov adına Milli Kitabxanadan və müxtəlif institut kitabxanalarından hədiyyə edilmiş təqribən 400-ə yaxın kitabla fəaliyyətə başlamışdır.

1971-ci ildə 1 şöbə  və 1 oxu zalından ibarət olan kitabxanaya o zaman institutun tarix-filologiya fakültəsində təhsil alan Novruz Quliyev, 1972-ci ildə “Pedaqogika” kafedrasında laborant işləyən Bəyim Vəkilova ictimai əsaslar üzrə rəhbərlik etmişdir. Universitet kitabxanasının direktoru vəzifəsində müxtəlif illərdə Şövkət Qasımova, Qafar Əliyev, Teyyubə Abullayeva, Pərvin Əliyeva, Aypara Behbudova çalışmışlar. Hazırda kitabxananın direktoru Xumar Məmmədovadır.

Kitabxana fondunun bir hissəsi 1999-cu ildə universitetin əsas tədris korpusuna köçürülmüşdür. 2000-ci ildə rektorluğun göstərişi ilə universitetin əsas binasının zirzəmisində 65 min kitab tutumuna malik depozitar fond yaradılmışdır.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi sayəsində 2004-cü il  may ayının 12-də Naxçıvan Dövlət Universitetinin kitabxanası üçün Avropa standartlarına uyğun 290 kvadrat metrlik, 300 yerlik, 500 min kitab tutumuna malik yeni beşmərtəbəli bina inşa edilmişdir.

Kitabxanada ayrı-ayrı elm sahələri üzrə ixtisaslaşdırılmış oxu zalları oxucalara yüksək səviyyədə xidmət göstərir. Hər bir oxu zalının ayrı elm sahələri üzrə ixtisaslaşdırılması və hər zalın ayrıca mərtəbədə yerləşdirilməsi Azərbaycanda kitabxana işi sahəsində ilk təcrübədir. Bu da Naxçıvan Dövlət Universiteti Elmi Kitabxanasının Avropa kitabxana sisteminə inteqrasiyasının bəhrəsidir. Universitetin  yüksək statusu nəzərə alınaraq rektorluğun 28 oktyabr 2008-ci il tarixli 2 nömrəli əmri ilə Əsaslı Kitabxananın adı dəyişdirilərək Elmi Kitabxana adlandırılmışdır.

NDU Elmi  Kitabxanası 9 iyul 2013-cü il tarixdə yenidən təmir olunmuş və elektronlaşdırılmışdır. Yenidənqurma işləri nəticəsində kitabxanada müasir sürətköçürmə aparatı, elektron informasiya köşkü, əsas və ehtiyat server quraşdırılmışdır. Elektron oxu zalı üçün 20, işçi yeri üçün 10 ədəd kompüter, konfrans zalı üçün elektron lövhə və notbuk alınmışdır. Elektron kitabxanaya müraciət edən hər bir oxucu Prolib Avtomatlaşdırılmış İdaretmə Sistemi vasitəsi ilə elektron qeydiyyatdan keçdikdən sonra seçdiyi çap məhsulunu sifariş edə bilər, yaxud seçdiyi çap məhsulunu elektron köşk vasitəsilə axtardıqdan sonra elektron oxu zalında istifadə edə bilər. Kitabxananın geniş oxucu kontingenti üçün nəzərdə tutulmuş lib.ndu.edu.az saytında kitabxananın tarixi, strukturu, beynəlxalq əlaqələri, burada keçirilən tədbirlər haqqında məlumatlar yerləşdirilmişdir. Saytda eyni zamanda, elektron kataloq və elektron kitabxana bölmələri mövcuddur. Prolib proqramı vasitəsilə 6 mindən artıq kitabın elektron variantı və 40 mindən artıq elektron kataloq artıq lib.ndu.edu.az saytına yerləşdirilmişdir. Universitetdə distant təhsil sisteminə keçidlə əlaqədar olaraq lazımi elektron kitab ehtiyacı da məhz Elmi Kitabxananın imkanları hesabına ödənilir. Kitabxananın elektron oxu zalında quraşdırılmış 20 ədəd kompüter kitabxanada toplanan elektron çap məhsullarının oxunmasına imkan yaradır.

Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2018-ci il 24 may tarixli 94 nömrəli qərarı ilə yeni təsdiq edilmiş ştat cədvəlinə uyğun olaraq Elmi Kitabxanada “Elmi kataloqlaşdırma, xidmət və fondun mühafizəsi”, həmçinin “Avtomatlaşdırma, kitabişləmə və komplektləşdirmə” şöbələri yaradıldı.

Elmi kitabxanada şəbəkə kitabxanası kimi fəaliyyət göstərən Tibb kitabxanası da oxucu tələbləri əsasında qurulmuşdur.

NDU Elmi Kitabxanası öz fəaliyyətini Azərbaycan Respublikasının “Kitabxana işi haqqında” (1999-cu il) qanunundan irəli gələn vəzifələrə, universitet nizamnaməsinə, universitet rəhbərliyinin əmr və göstərişlərinə uyğun şəkildə qurur. Elmi Kitabxana fondundan universitetin 8 minə yaxın oxucu kontingenti ilə yanaşı, Azərbaycan Respublikasının müxtəlif universitet və elmi müəssisələrinin tələbə və müəllim heyəti də istifadə edir. 9 fond və 9  oxu zalından ibarət olan kitabxana fondunda Azərbaycan, rus, Şərq və Avropa dillərində 70 mindən artıq çap məhsulu saxlanılır.

Görkəmli alimlərin kitabxanaya kitab hədiyyə etməsi də artıq ənənə halını almışdır, belə ki, alimlərin şəxsi kitabxana fondunda 5 mindən artıq çap materialı qorunaraq mühafizə olunur.

Elmi kitabxananın fondları hökümət idarələri, abunə, müəlliflər tərəfindən hədiyyə edilən kitablar, mübadilə, NDU-nun nəşriyyatı, köçürmə və poçt vasitəsi ilə komplektləşdirilir.

Ən son müasir avadanlıqlarla təchiz olunmuş NDU Elmi Kitabxanası şəxsiyyətin formalaşmasını təmin edən, yaradılan mədəni sərvətləri və informasiya resurslarını qoruyub saxlayan, eyni zamanda, onların istifadəsini və yayılmasını təmin edən mənəvi elm xəzinəsidir.

Soyadı, Adı, Ata adı        Vəzifə
1 Məmmədova Xumar Şəmsı qızı Direktor
2 Allahverdiyeva Nəzakət Yaqub qızı Kataloqlaşdırma üzrə baş mütəxəssis
3 İbrahimova Nəzakət Ədalət qızı Avtomatlaşdırma üzrə baş mütəxəssis
4 Babayeva Maral İntiqam qızı Kitabişləmə üzrə mütəxəsssis
5 Hüseynova Fəridə Nadir qızı Kitabişləmə üzrə mütəxəssis
6 Əliyeva Günay Eldar qızı Baş kitabxanaçı
7 Məmmədova Şəbnəm Nurəddin qızı Baş kitabxanaçı
8 İsmayılova Çinarə Tofiq qızı Baş kitabxanaçı
9 Yusifli Aynişan İlyas qızı Baş kitabxanaçı
10 Hüseynova Cəvahir Ələkbər qızı Baş kitabxanaçı
11 Xəlilova Natiqə İsgəndər qızı Kitabxanaçı