Məqsəd

Keyfiyyət Təminatı Siyasətinin əsas məqsədi universitetdə yaradılmış peşəkar inkişaf mühitinə və universitetin Strateji İnkişaf Planına sadiq qalmaqla bütün fəaliyyət və xidmət sahələrində (təlim-tədris, elmi tədqiqat, idarəetmə, infrastruktuk, beynəlmilləşmə, ictimaiyyətlə əlaqələr, strateji inkişaf və keyfiyyət təminatı istiqamətləri üzrə) mütəmadi olaraq monitorinq və təkmilləşdirmə işləri aparıb, təhsilin dövlət standartlarına və Avropa ali təhsil məkanında keyfiyyət təminatı üzrə standartlar və təlimatlara (ESG 2015) uyğunluğunu təmin etməkdir.

Əsas hədəflər

Keyfiyyət Təminatı Siyasətinin 10 əsas hədəfi var:

  1. Keyfiyyət Təminatı Siyasətini maraqlı tərəflər üçün əlçatan etmək və bu siyasətin inkişafına və həyata keçirilməsinə onları cəlb etmək.
  2. Naxçıvan Dövlət Universiteti tədris proqramlarının tərtib və təsdiq olunmasını nəzərdə tutulan proseslərin mövcudluğuna və Avropa ali təhsil sistemində kvalifikasiyaya uyğun olmasına nəzarət etmək.
  3. Tədris resurslarının tələbələri motivasiya edəcək şəkildə hazırlanmasına nəzarət etmək.
  4. Naxçıvan Dövlət Universitetində tələbələrin qəbulu, təhsili, kreditlərin tanınması və attestasiyası üçün qaydaların mövcud olmasına və lazım gəldikdə yenilənməsinə nəzarət etmək.
  5. Naxçıvan Dövlət Universitetindəki müəllimlərin lazımi kompetensiyalara sahib olduğundan əmin olmaq.
  6. Təhsil və tədris proseslərinin həyata keçirilməsi üçün lazımi maliyyənin təmin edilməsinə nail olmaq.
  7. Naxçıvan Dövlət Universitetinin bütün fəaliyyətlərini səmərəli şəkildə həyata keçirilməsini təmin etmək üçün lazımi məlumatları əldə etmək, təhlil etmək və istifadə etmək.
  8. Naxçıvan Dövlət Universitetinin bütün fəaliyyətləri o cümlədən təhsil proqramları barədə aydın, dəqiq, obyektiv və son məlumatları nəşr edilməsinə nəzarət etmək.
  9. Tədris proqramlarının daimi monitorinqinin aparılması.
  10. Naxçıvan Dövlət Universitetində Xarici Keyfiyyət Təminatını həyata keçirmək üçün lazımi dəstəyin verilməsi.

Əhatə dairəsi

Keyfiyyət Təminatı Siyasəti bütün maraqlı tərəfləri (tələbələri, akademik-müəllim heyətini, universitet rəhbərliyini və s.), təhsil proqramlarını və universitetdə yaradılmış infrastrukturu əhatə edir.

Keyfiyyət təminatı sistemi

Keyfiyyət Təminatı Sistemi Strateji İnkişaf və Keyfiyyət Təminatı bölməsi, Keyfiyyət Təminatı Daimi Komissiyası və fakültələr üzrə fəaliyyət göstərən alt komissiyalardan ibarətdir.

Keyfiyyət təminatı sistemi üzrə işlərin icra mexanizmi

 

Keyfiyyət təminatı üçün kriteriyalar

Daxili keyfiyyət təminatı 7 kriteriyaya əsaslanaraq yerinə yetirilir:

  1. Təhsil proqramları Naxçıvan Dövlət Universitetinin mandatına və Strateji İnkişaf Planına uyğun olmalıdır.
  2. Təhsil proqramını tamamlamaqla əldə olunan diplom təhsili davam etdirməyə və işləməyə əsas verməlidir.
  3. Öyrənmə mühiti akademik intizam və keyfiyyət standartlarının tələbinə cavab verməlidir.
  4. Elmi fəaliyyət və tədqiqatlar mütləq təhsil proqramına uyğun olmalı və həmin təhsil proqramının öyrənmə və öyrətmə nəticələri zənginləşdirilməlidir.
  5. Tələbə nailiyyətləri təhsil proqramının standartlarına və Naxçıvan Dövlət Universitetinin Strateji İnkişaf Planına uyğun olmalıdır.
  6. Tələbələr təhsil proqramı üzrə karyera planlamasında lazımı dəstək əldə etməlidirlər.
  7. Təhsil resursları təhsil proqramlarının standartlarına uyğun olmalıdır.

Bu kriteriyalar xarici keyfiyyət təminatı üçün də əsas götürülməli və hesabatlarda özünü əks etdirməlidir.

Xarici keyfiyyət təminatı üçün kriteriyalar

Xarici Keyfiyyət Təminatını həyata keçirən mütəxəssislər aşağıdakı kriteriyalar əsasında seçilir:

  1. Xarici Keyfiyyət Təminatı mütləq universitetdən kənar şəxslər tərəfindən aparılmalıdır.
  2. Xarici Keyfiyyət Təminatında iştirak edən mütəxəssislərin Naxçıvan Dövlət Universiteti ilə heç bir müqaviləsi, asılılığı və buradakı işçi, idarəetmə, akademik heyətlə 1-ci dərəcəli qohumluq əlaqəsi olmamalıdır.
  3. Mümkün hallarda Naxçıvan Dövlət Universiteti ilə oxşar ölçü və struktura malik olan universitetlərdən seçilməlidir.
  4. Universitetdə son bir ildə keçirilmiş xarici keyfiyyət təminatında iştirak etməmiş olmalıdır.

 

Maraqlı tərəflərin iştirakı

Bütün maraqlı tərəflər (tələbələr, akademik-müəllim heyəti, universitet rəhbərliyi və işçi heyət)  Keyfiyyət Təminatı Daimi Komissiyasında təmsil olunmaqla və ya Strateji İnkişaf  və Keyfiyyət Təminatı Bölməsi ilə  birbaşa əlaqə yaratmaqla keyfiyyət təminatında iştirak edə bilərlər.

Tələbələrin iştirakı

Tələbələrin keyfiyyətli təhsildən yararlanmalarını təmin etmək üçün 1 bakalavr və 1 magistr  tələbəsi Keyfiyyət Təminatı Daimi Komissiyasında təmsil olunur. Tələbələr eyni zamanda Strateji İnkişaf və Keyfiyyət Təminatı Bölməsinə müraciət etməklə təklif və şikayətlərini bildirə bilərlər.

Prinsiplər

Monitorinq şəffaflıq və tələbə-yönümlülük prinsiplərindən istifadə olunmaqla keçirilir. Bu prinsiplərin tətbiq olunması məmnunluq sorğuları vasitəsilə təsdiq olunur.